Təkcə iyulda BYD kitabçalarından istifadə edən daşıyıcılar 2 dəfə artıb - Kənan Qurbanov

10:57 - 22.07.2025


22 iyul, Fineko/abc.az. Son dövrlərdə Çindən daşınan yüklərin həcminin artması nəticəsində BYD (TIR-Carnet) kitabçalarından istifadə edən daşıyıcıların sayı 30 % artıb.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərlə görüşdə ABADA-nın Baş katibi Kənan Qurbanov deyib.

O qeyd edib ki, təkcə iyul ayında BYD kitabçalarından istifadə edən daşıyıcılar 2 dəfə artıb. K.Qurbanov bildirib ki, bu kitabça beynəlxalq yükdaşımalarda istifadə olunan beynəlxalq gömrük sənədidir. Onun sözlərinə görə, kitabça yük maşınının bir neçə ölkədən gömrük sərhədlərini keçməsinə imkan verir.

ABADA-nın fəaliyyətinə toxunan Baş Katib Assosiasiyanın 30 ildən artıqdır ki, fəaliyyət göstərdiyini açıqlayıb:

“Assosiasiyanın əsas prioritet istiqamətlərindən biri beynəlxalq avtomobil daşımalarının inkişafına dəstək verilməsi, “Carnet-TIR” Gömrük Konvensiyasının şərtlərinin Azərbaycanda yerinə yetirilməsinin təmin edilməsi, beynəlxalq avtomobil nəqliyyatı vasitəsilə yüklərin daşınmasının və maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq yardımın göstərilməsidir. Cari ilin 6 ayı ərzində assosiasiya öz üzvlərinə yardım məqsədilə müxtəlif xarici ölkələrdə baş verən hallarla bağlı hər cür dəstək göstərmiş, eyni zamanda xarici ölkələrdə fiziki şəxslərə yardım edib. Bu dövrdə xaricdə baş verən hallarla bağlı üzv daşıyıcılara göstərilən yardım 10 %-ə qədər artıb, hazırda 174 hüquqi və fiziki şəxs üzv kimi fəaliyyət göstərir".

Müəllif: Elmir Murad