Daşıyıcılar ən çox Avropada maneələrlə qarşılaşır - ABADA-nın Baş Katibi

10:43 - 22.07.2025


22 iyul, Fineko/abc.az. Daşıyıcılarımız xarici ölkələrdə bir çox maneələrlə qarşılaşırlar.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərlə görüşdə ABADA-nın Baş Katibi Kənan Qurbanov bildirib.

O qeyd edib ki, buna görə ABADA hazırda 80 ölkənin birliyi ilə əməkdaşlıq edir və daşıyıcılarımız orada problemlə üzləşən zaman dərhal ordakı assosiasiyalara müraciət edirlər. K.Qurbanov son zamanlar Rusiya ilə münasibətlərin soyuqlaşması fonunda bu istiqamətdə daşıyıcılara çətinliyin yaranmadığını da bildirdi: "Bu istiqamətdə hazırda daşıyıcılar üçün heç bir problem yaranmayıb. Nə daşımaların dövriyyəsində, nə digər məsələlərdə problemlər yoxdur. Ən çox problemlər əsasən Avropa ölkələrində yaranır. Ən böyük problemlər də avtomobillərin texniki məsələləri ilə bağlı olur".

Daşımaların dövriyyəsinin artdığını deyən ABADA-nın Baş Katibi bildirdi ki, buna səbəb Çinlə vizanın aradan qaldırılmasıdır. "Çinlə viza aradan qalxandan sonra dövriyyə daha artdı. Əvvəl viza olanda bizim daşıyıcıların ora getməsi, yük daşıması çətin idi. İndi isə bu maneələr aradan qalxıb" - deyə Baş Katib vurğuladı.

Müəllif: Elmir Murad