“Alphabet” süni intellekt infrastrukturuna 75 milyard dollar xərcləyəcək

10:15 - 28.04.2025


28 aprel, Fineko/abc.az. “Google”un ana şirkəti “Alphabet” süni intellekt infrastrukturuna 75 milyard dollar xərcləməyi planlaşdırdığını təsdiqləyib.

ABC.AZ xəbər verir ki, Holdinqin maliyyə direktoru (CFO) Anat Aşkenazi şirkətin 2025-ci ilin birinci rübündə “texniki infrastruktura” 17,2 milyard dollar xərclədiyini bildirib.

O qeyd edib ki, ən böyük sərmayələr AI texnologiyaları üzərində işləyən axtarış, bulud və “DeepMind” bölmələrini dəstəkləmək üçün serverlərə, o cümlədən məlumat mərkəzlərinə qoyulub.

“Google” dünya üzrə 135 məlumat mərkəzinə sahibdir. Bununla belə, CFO etiraf edib ki, şirkət hələ də müştəri tələbatını tam ödəmək qabiliyyətinə malik deyil.

O, analitiklərə xatırladıb ki, “Google Cloud” 2024-cü ili şirkətin mövcud imkanlarını aşması ilə başa vurub. Və bu, 2025-ci ilin  birinci rübündə də təkrarlanıb. Korporativ müştərilərdən bulud və süni intellekt sifarişlərinin artacağını gözləyən “Microsoft” 2025-ci ildə infrastruktura 80 milyard dollar, “Meta” isə 60-65 milyard dollar xərcləməyi planlaşdırır.