Böhrana baxmayaraq onlar yenə də varlanıblar - Siyahı

15:05 - 8.04.2025


8 aprel, Fineko/abc.az. Qlobal birjalardakı son satışlar dünyanın ən zəngin insanlarının sərvətində əhəmiyyətli itkilərlə nəticələnib.

ABC.AZ xəbər verir ki, bununla belə, əfsanəvi investor Uorren Baffet bu il sərvəti artan dünyanın Top-20 milyarderindən biridir.

Böhran zamanı varlanan ikinci milyarder “L’Oreal” səhmlərini anasından miras almış Fransuaza Bettankur Meyersdir.

Baffetin sərvətinin aprelin 2-dən aprelin 7-dək 14,5 milyard dollar azalmasına baxmayaraq, “Bloomberg”in məlumatına görə, bu il 11,5 milyard dollar artaraq 153,5 milyard dollara çatıb. Belə ki, “Berkshire Hathaway” şirkətinin səhmləri həmin vaxt ərzində 8,8% ucuzlaşsa da, ilin əvvəlindən 8,25% dəyər qazanıb.

“Berkshire Hathaway”in güclü performansı Trampın tarifləri ilə sarsılan qlobal ticarətdən təcrid olunmuş sığorta sektorunun dayanıqlığını əks etdirir. Xatırladaq ki, Baffett ticarət müharibəsi başlayandan əvvəl hal-hazırda sürətlə ucuzlaşan “Apple” və “Bank of America”dakı payını mərhələli şəkildə satıb.