16:53 - 7.04.2025
7 aprel, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardığı yoxlama nəticəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında fəaliyyət göstərən “Kaspian Prodakşn Layn” MMC-yə məxsus “CPL” və “Ağartı” əmtəə nişanlı süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular aşkarlanıb. Sözügedən müəssisədə yararlılıq müddəti ötmüş süd məhsullarının təkrar qablaşdırılaraq yenidən satışa çıxarılması ilə bağlı daxil olan məlumat əsasında keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulması faktları müəyyən edilib.
ABC.AZ xəbər verir ki, yoxlama zamanı müəssisədə kəsmiyin süzülməsi sahəsində istehlaka yararsız qatıq məhsulları, C₆H₇KO₂-Kalium sorbat (E202) qida əlavəsi aşkar edilib. Sözügedən qida qoruyucusunun istifadəsi ilə bağlı məhsulların resepturasında və etiket məlumatlarında isə hər hansı qeyd aparılmadığı müəyyən olunub. Qeyd edək ki, kalium sorbat məhsulun yararlılıq müddətini uzatmaq, bakteriyaların, kif və maya göbələklərinin qarşısının alınması üçün istifadə edilən qida əlavəsidir.
Müəssisədə qatıq, xama, ərikli kəsmik, şor məhsullarından nümunə götürülərək laboratoriyaya təqdim edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə süd məhsullarının istehsalı ilə bağlı müvəqqəti məhdudiyyətin tətbiqi barədə qərar qəbul olunub.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026