Bakıda son günlər artan tıxacların SƏBƏBİ

11:31 - 6.03.2025


6 mart, Fineko/abc.az. Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses Martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur.

ABC.AZ xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib.

“Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da ( şəhərə giriş-çıxış yolları) təsir edir", - deyə Mərkəzin məlumatında açıqlanıb.