“Kartdan karta” işləyən 200 sahibkar cərimələndi

14:38 - 19.11.2024


19 noyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 200 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

ABC.AZ DVX-yə istinadən xəbər verir ki, qurum pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 200-dək belə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib.

Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

DVX-dən bildirilir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.