11:08 - 14.11.2024
14 noyabr, Fineko/abc.az. Bakı yaxınlığında, Ələt Azad İqtisadi Zonasında tikiləcək yeni hava limanının bəzi detalları məlum olub.
ABC.AZ xəbər verir ki, “Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisi layihəsini elan edib.
Şirkət nümayəndələri bildirib ki, yeni hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.
Eyni zamanda hava limanı layihəsində fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşasını nəzərdə tutur.
Yeni yük hava limanı “Silk Way Group” tərəfindən yaradılmış “Silk Way Alat Free Economic Zone” şirkəti vasitəsilə fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Silk Way Group” 2006-cı ildə yaradılıb və aviasiya yükdaşımaları üzrə Azərbaycanın aparıcı şirkətidir. 2019-cu ildə şirkət öz əməliyyatlarını 3 yerə ayıraraq yeni müəssisələr arasında bölüb: çoxyönlü yükdaşımalar təklif edən “Silk Way Airlines”, qlobal yükdaşımalar üzrə uçuşlar həyata keçirən “Silk Way West Airlines” və təyyarələrin təmir və texniki xidmətini təmin edən “Silk Way Technics”. Dünya üzrə bu şirkətlərdə 1700-dən artıq mütəxəssis çalışır.