Azərbaycan 9 ölkə üçün birtərəfli, 2 ölkə ilə isə qarşılıqlı vizasız rejimə keçir

12:33 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan 2026-cı ildə 9 ölkə və ərazinin ümumvətəndaş pasport sahibləri üçün 1 il müddətinə birtərəfli vizasız gediş-gəliş rejimi tətbiq edib.

Yeni qaydalara görə, Çinin Honkonq və Makao xüsusi inzibati regionları (2 fevraldan), Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn və Küveyt (15 fevraldan), Yaponiya və Koreya Respublikası (1 iyuldan), həmçinin Bosniya və Herseqovina ilə Sinqapur (1 avqustdan) vətəndaşları bir il ərzində ölkəyə 3 dəfə vizasız daxil olaraq hər dəfə 30 günədək qala bilərlər.

Bunlarla yanaşı, Azərbaycan Dominikan Respublikası və Kolumbiya ilə də adi pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalayıb.

Həmin sazişlər müvafiq rəsmi prosedurlar və nota mübadiləsi tamamlandıqdan sonra qüvvəyə minəcək.

©Modern.az