15:42 - 11.06.2024
11 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan Avropaya 5,3 milyard kubmetr təbii qaz ixrac edib.
ABC.AZ Energetika Nazirliyinin 2024-cü ilin yanvar-may ayları üzrə açıqladığı operativ məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,5 milyard kubmetr və ya 10,4 % çoxdur.
Ümumilikdə isə ötən 5 ay ərzində Azərbaycandan xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 % çoxdur.
Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 0,2 milyard kubmetr ya 4,6 % azdır. Gürcüstana isə nəql edilən təbii qazın həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir.
Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 2,3 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 4,2 % azdır.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
18 Avqust 2026