“Dərinsulu Günəşli” platformasından bu qədər neft hasil edilib

11:33 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun “Dərinsulu Günəşli” platformasından indiyədək təqribən 640 milyon barel neft hasil edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında bildirilir. 

SOCAR “Dərinsulu Günəşli” platformasının istismara verilməsinin 16-cı ildönümü münasibətilə videoçarx hazırlayıb.

“Platforma 2008-ci il aprelin 22-də istifadəyə verilib. “Dərinsulu Günəşli” platformasından indiyədək 638 milyon barel neft və 18.2 milyard kubmetr səmt qazı hasil edilib”, – məlumatda qeyd edilib.

Bu platformadan orta gündəlik neft hasilatı 2023-cü ilin sonuna 67.3 min barel təşkil edib.

Hazırda AÇG blokunda hasilat 7 platformadan həyata keçirilir. 2023-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 133 milyon barel (18 milyon ton) hasil edilib. 2023-cü ildə blokda orta gündəlik neft hasilatı 363 min barel təşkil edib.