İlham Əliyev Özbəkistanın ticarət nazirini qəbul edib

11:31 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev noyabrın 14-də Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, həmin tədbir çərçivəsində Özbəkistan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb.

Dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd edib.

Dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.