Bakıətrafı kəndlərdə bağ evlərinin kirayə qiymətləri bahalaşıb

10:57 - 24.07.2023


24 iyul, Fineko/abc.az. Cari ilin yay mövsümündə Bakıətrafı kəndlərdə bağ evlərinin kirayə qiymətlərində ciddi bahalaşma müşahidə olunur.

ABC.AZ xəbər verir ki, bu sözləri açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

O bildirib ki, hazırda bağ evlərinin aylıq kirayə haqqı 700-14 000 manat arasında dəyişir.

Onun sözlərinə görə, orta qiymət isə 3 000-3 500 manat arasında dəyişir.  Ekspert bildirib ki, bu qiymətlər daha çox hovuzu olan, dənizə yaxınlığı ilə seçilən, digər infrastrukturlara malik evlərə aiddir:

“Adi bağ evlərinin kirayə haqqı isə təxminən 700-1 000 manat arasında dəyişir ki, bu da ötən illə müqayisədə 15-20 faiz çoxdur. Bu da onunla bağlıdır ki, ölkənin quru sərhədləri bağlı olduğu və təyyarə uçuşları baha olduğu üçün vətəndaşlar xarici ölkələrə gedə bilmirlər. Buna görə də ya regionlarda, ya da paytaxtın müxtəlif yerlərində dincəlməyə üstünlük verirlər. Ötən il 700 manata olan bağ evlərini bu il 1 000 manata, 1 000 manata olanları isə bu il 1 200-1 300 manata təklif edirlər”.