Cari ildə yığımları azalan sığorta şirkətləri

12:11 - 25.06.2023


25 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 17-nin yığımları illik müqayisədə artıb, 3-nün isə yığımları azalıb.

ABC.AZ "Renkinq" -ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 5 ay ərzində 12,089 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “A-Qrup Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 9,218 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 7,9% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 77,5% azalaraq 1,408 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Azsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 15,3% azalaraq 4,136 milyon manata düşüb.