Sığorta bazarının əsas problemi budur - Ekspertdən maraqlı yanaşma

13:58 - 14.06.2023


14 iyun, Fineko/abc.az. Sığorta bazarında ümumiyyətlə ən böyük problem etibarsızlıqdır.

Bunu ABC.AZ-a ekspert Oruc İbrahimov sığorta bazarındakı durğunluğu şərh edərkən bildirib.

O qeyd edib ki, bəzi hallarda həm müştəri, həm də, müəyyən sığorta şirkətləri öz öhdəliklərini yerinə yetirmir. Bu isə şirkətlərə qarşı inamsızlıq yaradır:

"Şirkətlər bir çox halda öhdəlikləri ya yerinə yetirmir, ya da müştəriləri incidirlər. Bu hal ona gətirib çıxarır ki, insanlar sığortalara inanmır və ona müraciət etmirlər. Hazırda icbari sığortalara görə, böyük bir sığorta portfeli formalaşıb. Bu portfel əmlaklar və ya avtomobillərin icbari sığortasına görə yaranıb. Bazarda hazırda böyük bir boşluq var. Bununla yanaşı, bazarda bir çox xidmətlər var ki, bundan yararlanmaq, istifadə etmək olar. Lakin bizim sığorta şirkətlərimiz ora girmir və ya girdiyi anda yaxşı mütəxəssisləri olmadığı üçün orada nəticə verə bilmirlər. Və müəyyən bir portfelə sahib olurlar. Yəni, hər şey zəncirvaridir. Sığorta məhsulunu alan kimdir?. Vətəndaşdır. Əhalinin bir çoxu avtomobilə sahibdir və nəqliyyat hadisələri zamanı onlar probelmlərlə üzləşirlər. Bu zaman isə düşünürlər ki, istənilən istiqamətdə belə işləyir və ona görə də sığorta sektorunda canlanma getmir. Bu səbəbdən insanlar sığorta şirkətlərinə inanmırlar. Və bu problemlər avtomobil sığortası üzərindən gəlməyə başlayıb. Əsas problemlər budur. Və bir çox şirkətlər var ki, müəyyən xidmətlərd işlərini düz qurmayıblar. Bu sığorta şirkətlərinin bazarda olmağı digər sığorta şirkətləri üçün də bazarda problem yaradır".

Müəllif: Elmir Murad