12:38 - 27.04.2023
27 aprel, Fineko/abc.az. İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən hesabatlara əsasən, 2022-ci ildə 4,5 milyon şəxsə icbari tibbi sığorta çərçivəsində tibbi xidmət göstərilib.
Agentlikdən ABC.AZ-a verilən xəbərə görə, bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 44 136 303 olub və bu göstərici 2021-ci il ilə müqayisədə 92% artım deməkdir. Ötən il tibb müəssisələrinə 17 836 873 müraciət daxil olub. Müraciətlər üzrə tibbi xidmətlərin 84%-i ambulator, 16%-i isə stasionar şəkildə göstərilib.
2022-ci il ərzində göstərilən bu tibbi xidmətlərin böyük hissəsi Sumqayıt Tibb Mərkəzinin payına düşür. Ən çox tibbi xidmət göstərən 5 dövlət tibb müəssisəsinin siyahısında daha sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi və Kliniki Tibbi Mərkəz yer alır. Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, endokrin, qan dövranı, tənəffüs və həzm sisteminin xəstəlikləri gəlir.
2022-ci ildə dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayı 2021-ci il ilə müqayisədə 2 dəfə artaraq 354 260 təşkil edib. Qeyd edək ki, dövlət tibb müəssisələrində ən çox icra olunan cərrahi əməliyyatlar sırasında həzm, ginekoloji, uroloji, göz və ürək-damar sistemində aparılan əməliyyat və prosedurlar yer alır.