“Günay Sığorta”da işçilər durmadan şirkəti tərk edir

17:33 - 13.04.2023


13 aprel, Fineko/abc.az. “Günay Sığorta” zərərlə işləməklə yanaşı, işçi heyətini də azaltmaqdadır.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna “Günay Sığorta”nın cəmi 104 əməkdaşı qalıb.

Müqayisə üçün bildirək ki, 2021-ci ilin sonunda şirkətdə 115 nəfər, 2020-ci ilin sonunda isə 136 nəfər çalışırdı.

Şirkətdə əməkdaşların sayı fasiləsiz olaraq 2 ildir ki, azalmaqdadır. Belə ki, şirkətdə 2021-ci ilin 1-ci rübündə 136 nəfər, 2-ci rübdə 135 nəfər, 3-cü rübdə 126 nəfər, 4-cü rübdə 115 nəfər çalışıb. 2022-ci ildə isə 1-ci rübdə 112 nəfər, 2-ci rübdə 107 nəfər, 3-cü rübdə 106 nəfər, 4-cü rübdə isə 104 nəfər çalışıb.

Şirkət işçilərin azalması ilə il ərzində təqribən yarım milyon manata qənaət etməyə nail olub. Əmək haqqı xərcləri 2021-ci ildəki 2,4 milyon manatdan 2022-ci ildə 1,9 milyon manata enib. Amma bu da “Günay Sığorta”nı mənfəətə çıxara bilməyib.