14:39 - 13.03.2023
13 mart, Fineko/abc.az. Azərbaycanda fiziki şəxs olaraq fəaliyyət göstərən sığorta agentlərinin bir hissəsi hazırda sektorda yaranan vəziyyətə etiraz edərək bununla bağlı ölkə rəhbərliyinə müraciət hazırlaşırlar.
ABC.AZ xəbər verir ki, təqribən 250-ə yaxın sığorta agenti sığorta bazarında agentlərin komissiya haqlarının tədricən azaldılmasına, bəzi sığorta növlərində isə ümumiyyətlə kəsilməsinə etiraz edir.
Onların sözlərinə görə, indiyədək komissiya haqları tədricən azaldılsa da, son vaxtlar bəzi şirkətlər qeyri-rəsmi olaraq komissiyaları ümumiyyətlə dayandırıblar, bununla yanaşı, komissiyaların dayandırılması barədə rəsmi qərar elan edilməyib.
Tərkibində Azərbaycanın Bakıda və regionlarda fəaliyyət göstərən bir sıra agentlərinin olduğu qrup bildirir ki, sığorta şirktləri agentləri sığortalanma prosesindən sıxışdırıb çıxarmaq, bununla da indiyədək agentlərə çatan komissiya haqqını da ələ keçirmək istəyirlər.