300 manat pensiya alanlar üçün vacib xəbər

12:15 - 16.12.2022


16 dekabr, Fineko/abc.az. İqtisadçı Eldəniz Əmirov pensiyaların indeksləşdirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən təsdiqlənən son dəyişikliyi şərh edib.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.Əmirov yeniliyin tətbiqi ilə əmək pensiyalarının məbləğində artımın olacağını bildirib:

“Yəni, pensiya artımlarında vahid indeksasiya metoduna keçirilir və bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il ilk ayında ötən il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılacaq. Başqa sözlə, ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə neçə faiz artıbsa, pensiyalarda buna uyğun artacaq”.

“Bəs, gələn il pensiyalar nə qədər artacaq?” sualına isə iqtisadçı belə cavab verib:

“2022-ci ildə  ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 830 manat (yanvar-oktyabr aylarında 827,9 manat olub)  olarsa, bu 2021-ci ilin eyni dövr ilə müqayisədə təxminən 14,5%-lik artması deməkdir. Deməli, pensiyaçılar da  aldıqları hər 100 manat pensiyaya görə əlavə olaraq 14 manat 50 qəpik artıq alacaqlar. 300 manat alan 343,5 manat, 400 manat alan 458 manat alacaq. Qeyd edək ki, əgər indeksasiya 14.5%-dən nə qədər yuxarı edilərsə, pensiyalar həmin faiz nisbətində daha çox artacaq”.