Şagirdlərə məktəblərə fərqli geyimdə getmələrinə icazə verilməyəcək

11:41 - 30.03.2022


30 mart, Fineko/abc.az. Növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə icazə verilməyəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Bildirilib ki, “Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə getməsinə yol verilməyəcək.

"Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər" - deyə, açıqlamada qeyd olunub.