“Azərsu” Şəki şəhərində layihələrinin icrasını davam etdirir

11:14 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. “Azərsu” ASC Dövlət Proqramı çərçivəsində Şəki şəhərində içməli və tullantı su layihələrinin icrasını davam etdirir.

ABC.AZ xəbər verir ki, hazırda şəhərdə şəbəkələrin yenidən qurulması işləri aparılır, eyni zamanda tullantı sutəmizləyici qurğunun tikintisi işləri həyata keçirilir.

Qeyd olunur ki, Şəki şəhərinin içməli su təchizatının yenidən qurulması məqsədilə Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə layihəsi çərçivəsində Kiş mənbəyində sugötürücü qurğu, magistral kəmərlər və su anbarları inşa edilib. Eyni zamanda Kiş çayının məcrasında 15 yeni subartezian quyusu qazılıb və quyulardan Şəki şəhərinə magistral su xətti çəkilərək şəhərə içməli suyun verilməsi təmin edilib.

Şəhərin tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğusunun tikintisi işləri də davam etdirilir. Şəki şəhərində icra olunan layihədən 2035-ci ilə perspektiv inkişaf  nəzərə alınmaqla 80 minədək sakin faydalanacaq.