Manatın devalvasiya riski ilə bağlı deputatdan mühüm açıqlama

14:43 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib ki, Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qeyd etdiyi kimi, manatın məzənnəsi 2017-ci ilin aprelindən bəri stabil qalır və bu, makroiqtisadi sabitliyin əsas istiqamətlərindən biridir.

Milli valyutanın məzənnəsinə təsir edən əsas faktor ölkəyə daxil olan valyutanın həcmidir. Yüksək neft qiymətləri və qeyri-neft ixracındakı artım 2026-cı ilin ilk 7 ayında xarici ticarətdə 10 milyard dollardan çox müsbət saldonun yaranmasını təmin edib.

Bu dövrdə ölkə ixracı nominal ifadədə 39 % artaraq 20,1 milyard dollara çatıb, qeyri-neft-qaz ixracı isə 2 dəfə artaraq 5,9 milyard dollar təşkil edib.

Eyni zamanda idxal 43 % azalaraq 9,8 milyard dollara düşüb. Valyuta bazarındakı müsbət dinamika Mərkəzi Banka ehtiyatlarını artırmağa imkan verib.

Belə ki, 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard dollar artaraq 15,3 milyard dollara çatıb.

Millət vəkili əlavə edib ki, mövcud rəqəmlər sabitliyi qorumağa imkan versə də, üzən məzənnə rejiminə keçilmədiyi üçün manatın məzənnəsi orta və uzunmüddətli dövrdə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.