“Medicare” və “MedAura” klinikaları məhkəməyə verildi

15:24 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Bakıda uğursuz rinoplastika və septoplastika əməliyyatlarından sonra burnunda fəsadlar yaranan Lamiyə Kərimova “Medicare Klinikası” MMC, “MedAura Klinikası” MMC və həkim Kəmalə Qəhrəmanovanı məhkəməyə verib. Keçirilən məhkəmə-tibbi ekspertizası əməliyyatların texniki və taktiki baxımdan qüsurlu icra edildiyini, nəticədə pasiyentin burnunda deformasiyalar yarandığını və təkrar əməliyyata ehtiyac olduğunu təsdiqləyib.

Nəsimi Rayon Məhkəməsinin qərarı və Bakı Apellyasiya Məhkəməsinin dəqiqləşdirməsi ilə iddia qismən təmin edilib. Yekun qərara əsasən, cavabdehlərdən iddiaçıya əməliyyat xərci üçün 1 200 manat, təkrar əməliyyat üçün 3 500 manat və mənəvi zərərik əvəzi olaraq 5 000 manat ödənilməsi müəyyən olunub. Ali Məhkəmə də bu qərarı quvvədə saxlayıb.

Qeyd edək ki, "MedAura Klinikası" bir müddət əvvəl adını dəyişərək "28 Medical Center" edib və 500 min manatdan çox vergi borcu var. "Medicare Klinikası"nın isə lisenziyası 2024-cü ildə lisenziyadan kənar fəaliyyətə görə dayandırılsa da, hazırda fəaliyyətini davam etdirir. Her iki klinika əvvəllər də qalmaqallar və ölüm hadisələri ilə gündəmə gəlib.