Hər yerdə islahatlar gedir, islahatlar labüddür - İlham Əliyev

14:36 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı yeni naziri qəbul edərkən bir sıra məqamlara toxunub.

İ.Əliyev qeyd edib ki, qəbul zamanı bunları deyib:

"Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam. O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll etmişdi, Azərbaycanın bu sahədəki inkişafını təmin edib.

Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız".