Maliyyə Nazirliyi 2 təşkilatda nöqsan aşkarladı – Materiallar DTX-ya göndərildi

10:17 - 14.02.2023


14 fevral, Fineko/abc.az. Ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 185 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 225 milyon 710,4 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, həmin məbləğin 35 milyon 142,2 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.

Belə ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən iş planlarına əsasən, 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5 milyon 81,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib. Həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.