VÖEN-i passiv olan şəxslərlə bağlı açıqlama - 190 manatı onlar da ala bilər

10:31 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan və adına VÖEN olan şəxslərə birdəfəlik müavinətlərin verilməsindən imtina edilməsi bəzi anlaşılmazlıqlar yaradıb.

Məsələyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov aydınlıq gətirib.

ABC.AZ xəbər verir ki, N.Dərgahov vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergiödəyicisi olduğunu təsdiq edən sənəd olduğunu bildirib.

Onun sözlərinə görə, vergiödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır: "VÖEN aktiv və ya passiv ola bilər. Vergiödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir. Birdəfəlik sosial yardımdan imtina olunmasının bəzi şərtləri mövcuddur ki, bunlardan biri şəxsin, yaxud onun əri və ya arvadının sahibkar kimi aktiv VÖEN-ə sahib olmasıdır. Başqa sözlə, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur. Fəaliyyətini dayandırmış, yəni VÖEN-i passiv olan fiziki şəxslər birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər".

Müəllif: Elmir Murad