"GL" ASC-nin 500 min manatlıq istiqrazları Bakı Fond Birjasında ticarətə buraxılır

12:27 - 23.09.2026


23 Sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin ümumi dəyəri 500 000 manat olan istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Emissiya çərçivəsində hər birinin nominal qiyməti 100 manat olan 5 000 ədəd faizli, təminatsız, sənədsiz və adlı istiqrazın kütləvi təklif üsulu ilə birqiymətli hərracda yerləşdirilməsi nəzərdə tutulur.

İstiqrazların tədavül müddəti 7 il təşkil edir və illik gəlirlilik 15% səviyyəsində müəyyən olunub. Şərtlərə əsasən, faiz ödənişləri hər ayda bir dəfə (hər ay 30 gün qəbul edilməklə) investorlara ödəniləcək.

 Buraxılış üzrə anderrayter funksiyasını “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yerinə yetirir.