Bakıda 150-dək binanın sökülməsi prosesi və kompensasiya qaydaları açıqlandı

14:16 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək binanın söküləcəyini bildirib.

Onun sözlərinə görə, artıq bir neçə binada söküntü işlərinə başlanılıb, digərlərində isə inventarlaşma, qiymətləndirmə və planlaşdırma mərhələsi davam edir.

Binanın qəzalı və ya istismar müddətini bitirmiş elan olunması müvafiq dövlət qurumlarının birgə komissiyasının rəyi, vətəndaşların mənzil sahəsinin qeydiyyata alınması və satınalma üzrə tenderin keçirilməsi əsasında tənzimlənir.

Sökülən binanın yerində yenisi inşa ediləcəyi təqdirdə vətəndaşlara tikinti müddətində aylıq 600 manat kirayə haqqı ödəniləcək. Ərazi dövlət ehtiyacları və ya abadlaşdırma üçün istifadə olunacaqsa, sakinlərimə birbaşa nağd kompensasiya veriləcək.

Bazar qiymətləri əsasında müəyyənləşən kompensasiya məbləğləri kvadratmetr üçün təqribən 1000–3000 manat aralığında dəyişir və bu siyahıya fərdi yaşayış evləri ilə yataqxanalar da daxildir.

İşlər "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Binaların sökülmə ardıcıllığı isə müvafiq icra hakimiyyəti orqanları ilə investorların qarşılıqlı razılaşması və birgə qərarı əsasında müəyyən olunur.

©Oxu.Az