AZAL-ın illik gəlirləri 1,24 milyard manatı ötüb

11:17 - 27.11.2026


27 noyabr, Fineko/abc.az. Ötən il "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) cəmi gəlirləri 1 milyard 245,9 milyon manat olub.

Aviaşirkətin 2025-ci il üzrə açıqladığı Dayanıqlılıq hesabatına görə, AZAL-ın gəlirlərində əvvəlki illə müqayisədə 3,7 % artım qeydə alınıb.

Xatırladaq ki, 2024-cü ildə şirkətin əldə etdiyi gəlir 1 milyard 201,2 milyon manata bərabər idi. 2025-ci ilin sonunda aviaşirkətin ümumi aktivlərinin həcmi 20 % artaraq 1 milyard 949,5 milyon manata yüksəlib.

Bununla yanaşı, hesabat dövründə AZAL-ın kapitallaşma səviyyəsində də əhəmiyyətli artım müşahidə olunub.

Belə ki, 2024-cü ildə 396,9 milyon manat təşkil edən bu göstərici 2025-ci ildə 594,2 milyon manata çatıb.

Sənəddə həmçinin qeyd olunur ki, ötən il əməkdaşların maaş və müavinətlərinə yönəldilən vəsaitlər 132,5 milyon manat təşkil edib ki, bu da 2024-cü ildəki 110,7 milyon manatlıq xərclərdən nəzərəçarpacaq dərəcədə çoxdur.