Ələtdə yeni hava limanı gələn il fəaliyyətə başlayacaq

11:02 - 23.11.2026


23 noyabr, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasında inşa edilən hava limanının tikinti işləri 2027-ci ilin ortasınadək tam başa çatdırılacaq.

Azərbaycan-İtaliya biznes forumunda çıxış edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, layihə çərçivəsində yerli yükdaşıma şirkəti "Silk Way Airlines" ilə ərazidə hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun qurulması barədə razılıq əldə olunub.

İdarə Heyətinin sədri bu məqsədlə iqtisadi zonanın səlahiyyətli qurumu tərəfindən 750 hektar torpaq sahəsinin ayrıldığını vurğulayaraq qeyd edib ki, tikinti işləri 2027-ci ilin ortasından gec olmayaraq yekunlaşacaq və hava limanı gələn il artıq beynəlxalq daşımalar üçün açıq elan ediləcək.

Onun sözlərinə görə, ilkin mərhələdə illik yükdaşıma qabiliyyəti 500 min ton olacaq hava limanının potensialının gələcəkdə 2 milyon tona çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, infrastrukturun inkişafının birinci mərhələsi üzrə zonadakı 60 hektarlıq ərazidə işlərin hələ 2023-cü ilin iyun ayında tamamlandığını xatırladan V.Ələsgərov həmin tarixdən etibarən Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsi istiqamətində fəal iş aparıldığını diqqətə çatdırıb.