Çin yeni rüsumların tətbiqi planına görə ABŞ-ı cavab tədbirləri ilə hədələyib

12:22 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. Pekin hesab edir ki, ABŞ-ın proteksionist rüsumları dünya iqtisadiyyatı üçün uzunmüddətli risklər yaradır və zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun bildirib.

O, Vaşinqtonu tədbirlərinə yenidən baxmağa, ticarət mübahisələrini dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə çağırıb. Onun sözlərinə görə, ABŞ-ın ticarət tərəfdaşlarının artıq istehsal güclərinə dair araşdırması Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur və beynəlxalq iqtisadi nizama xələl gətirir.

Daha əvvəl ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir mart ayında başlanmış araşdırmanın nəticələrinə əsasən Çin, Avropa İttifaqı və daha 12 iqtisadiyyata qarşı yeni gömrük rüsumlarının tətbiqinin nəzərdən keçirildiyini bildirib.