Büdcənin neft-qaz gəlirləri açıqlandı — Maliyyə Nazirliyi

14:44 - 29.10.2026


29 Oktyabr, Fineko/abcnews. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə gəlirlərinin formalaşma mənbələri və bölüşdürülməsi bəlli olub.

Maliyyə Nazirliyinin məlumatına görə, 9 ay ərzində büdcənin neft-qaz daxilolmalarının 74,5%-i (9 milyard 628 milyon manat) Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) transfertlərin, 25,5%-i (3 milyard 302,5 milyon manat) isə vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb. Neft Fondundan edilən transfert ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 232,7 milyon manat və ya 11,4% azalıb.

Vergi orqanları vasitəsilə toplanan neft-qaz gəlirlərinin 46,6%-i (1 milyard 539,8 milyon manat) "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət vergisinin, 39,4%-i (1 milyard 301,6 milyon manat) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ödənilən vergilərinin, 14%-i (461,1 milyon manat) isə "Azəri-Çıraq-Günəşli" (AÇG) bloku üzrə mənfəət vergisinin payına düşüb.