Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 milyard dollara çatdı

10:32 - 29.10.2026


29 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, cari ilin ötən dövründə ölkənin valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.

Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta seqmentində özünü aydın göstərib.

2026-cı ilin ilk 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib.

Paralel olaraq, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,3 faiz bəndi azalaraq sentyabr ayında 25,7%-ə enib.

Valyuta bazarında tələbin azalması və təklifin artması şəraitində tənzimləyici qurum tərəfindən valyuta alışları həyata keçirilib ki, bunun da nəticəsində Mərkəzi Bankın valyuta ehtiyatları 9 ayda 33,4% artaraq 15,4 milyard ABŞ dollarına yüksəlib.