Ramiz Mehdiyevə bağlı media şirkətinin "XalqBanka" borcu üzə çıxdı

14:46 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. “Xalq Bank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu bildirilən “Antenn” Müstəqil Teleradio Kompaniyasından kredit borcunun gecikdirilməsinə görə əlavə vəsaitin tutulması ilə bağlı məhkəmə çəkişməsi yekunlaşıb.

Tərəflər arasında 2019-cu ildə 300 min ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb, lakin öhdəliklər vaxtında icra edilmədiyi üçün bank məhkəməyə müraciət edib. Əsas borc icra mərhələsində tam ödənilsə də, bank vəsaitin gecikdirilməsi nəticəsində yaranan zərərə görə əlavə maliyyə tələbi irəli sürüb.

Məhkəmə qərarı ilə bankın iddiası qismən təmin edilib və “Antenn” Teleradio Kompaniyasından əsas borcun gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 30 min 545 ABŞ dolları (Mərkəzi Bankın məzənnəsinə uyğun manat ekvivalentində) məbləğində əlavə faiz tutularaq banka ödənilməsi qərara alınıb. Bankın müqavilə ləğv edildikdən sonrakı dövr üçün tələb etdiyi cərimə isə rədd edilib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.