Çin alimləri işığın təsiri altında formasını dəyişən hidrogel hazırlayıblar

16:17 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. Şençjen Qabaqcıl Texnologiyalar İnstitutunun çinli alimləri işığın təsiri altında formasını dəyişə bilən "həyatabənzər" hidrogel hazırlayıblar. South China Morning Post xəbər verir ki, material toxuma mühəndisliyində, "beyin-kompüter" interfeyslərində və robototexnikada tətbiq oluna bilər.

STERS sistemi maye qallium hissəcikləri ilə vinil monomerlərini birləşdirir və yaxın infraqırmızı işıqla aktivləşir. Bir dəfə şüalandırıldıqdan sonra sistem dörd həftəyədək aktivliyini qoruyub saxlaya bilər.

Təcrübələr zamanı hidrogeldən kök hüceyrələrin sümük və neyronabənzər hüceyrələrə diferensiasiyasını idarə etmək, həmçinin siçovul embrionunun beyin aktivliyini qeydə alan elektrodları modifikasiya etmək üçün istifadə olunub.

"Bu, beyin dalğalarındakı dəyişiklikləri dəqiq aşkarlamağa imkan verir, embrional inkişaf zamanı beyin fəaliyyətinin öyrənilməsi üçün yeni metod təklif edir və neyroelmin inkişafına töhfə verir", — tədqiqatın müəllifi Du Syueymin bildirib.

Onun sözlərinə görə, hidrogelin formasının dəyişmə sürəti və miqyası tədqiq olunan toxumadakı dəyişikliklərə uyğunlaşdırıla bilər.