Ləğv prosesində olan 7 bankın əmlakları hərraca çıxarılır

15:05 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, oktyabrın 7-si və 14-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan bir sıra bankların daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Oktyabrın 7-nə planlaşdırılan hərracda "Deka Bank"ın Yasamal rayonundakı ümumi dəyəri 1,1 milyon manatdan çox olan iki mənzili, "Dəmir Bank"ın Novxanı bağ massivindəki 178,5 min manatlıq bağ evi, "Yunayted Kredit Bank"ın İmişlidə yerləşən 200 min manatlıq əmlak kompleksi ilə 170 min manatlıq qeyri-yaşayış sahəsi və "AGBank"ın Qaraçuxur qəsəbəsindəki 115 min manatlıq mənzili satışa çıxarılacaq. Oktyabrın 14-də keçiriləcək növbəti hərracda isə "AGBank"ın Göyçaydakı 1,3 milyon manatlıq əmlak kompleksi, "Gəncə Bank"ın Gəncə şəhərindəki 2 milyon manatlıq qeyri-yaşayış binası, "Bank of Azerbaijan"ın Ucardakı 105 min manatlıq obyektləri və "Muğan Bank"ın Yasamal rayonundakı 80 min manat dəyərindəki mənzili hərraca təqdim olunacaq.