İsveçrə şirkəti Ağstafada qulançar plantasiyası və emal müəssisəsi yaradır

16:55 - 25.09.2026


25 sentyabr, Fineko/abc.az. Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyəti ilə İsveçrənin "iCsquared GmbH" şirkəti arasında ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihəsi üzrə əməkdaşlıq sənədi imzalanıb.

Sənəd yalnız məhsulun yetişdirilməsini deyil, plantasiyadan emala qədər tam aqrar zəncirin formalaşdırılmasını nəzərdə tutur.

Layihə çərçivəsində ABŞ-dan gətirilərək sınaqdan keçirilmiş müxtəlif qulançar sortları Ağstafanın Dağ Kəsəmən kəndindəki plantasiyaya köçürülüb və artıq təzə yaşıl qulançarın yerli pərakəndə sektora tədarükünə başlanılıb.

Yerli fermerlərin də prosesə və yeni texnologiyalara cəlb olunmasını hədəfləyən bu model regionda məşğulluğun artmasına və geniş aqrar klasterin yaranmasına zəmin yaradır.

Bakını MDB üzrə regional mərkəz seçən "iCsquared GmbH" şirkəti ölkəmizdə yerfındığı emalı və fındıq ixracı kimi digər aqrar layihələri də həyata keçirir.

Ağstafa rayonunun əlverişli coğrafi və logistik mövqeyi istehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici bazarlara da rahat çıxarılmasına imkan verəcək.

©Banker.az