Qiymətləndirmə hesabatlarının keyfiyyəti təsadüfi yoxlamalarla nəzarətə götürülür

15:42 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Azərbaycan Qiymətləndiricilər Palatası qiymətləndirmə hesabatlarının keyfiyyətini artırmaq üçün təsadüfi seçim əsasında monitorinqlər aparmağı, vahid şablonlar və banklar, məhkəmələr, dövlət qurumları üçün yoxlama vərəqləri hazırlamağı planlaşdırır.

Palatanın sədri Nüsrət İbrahimov bildirib ki, sifarişçilərin ucuz, sürətli və ya əvvəlcədən müəyyən edilmiş qiyməti təsdiqləyən hesabat istəyi peşəyə etimadı zəiflədir, bu səbəbdən məsuliyyət yalnız qiymətləndiricinin deyil, həm də sifarişçi və hesabatı qəbul edən qurumların üzərinə düşür.

Əmlakın dəyərinin əsassız artırılmasının borcalanlar üçün risk yaratdığını, aşağı göstərilməsinin isə itkilərə gətirib çıxardığını vurğulayan İbrahimov, faktiki sövdələşmə qiymətləri haqqında məlumat çatışmazlığını aradan qaldırmaq və qiymətləndiricilərin reystr məlumatlarına çıxışını genişləndirmək məqsədilə qanunvericiliyə təkliflər hazırlandığını qeyd edib.