Ölkədə toxum istehsalı 100 min tona çatır - Nazirdən vacib açıqlamalar

12:01 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Bakıda keçirilən "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" konfransında çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilə qədər ölkənin buğda toxumu ilə təminatının 100 faizə çatdırılması hədəflənir.

Nazir qeyd edib ki, aprobasiya prosesinin rəqəmsallaşdırılması və toxumluq sahələrin xəritələşdirilməsi sertifikatlı toxumların izlənməsini tam təmin edib.

Ötən il 81 min ton olan buğda və arpa toxumu istehsalının bu il 100 min tona yaxınlaşacağı gözlənilir.

Bununla yanaşı, kartof, tərəvəz və texniki bitkilərin toxum təminatının artırılması, hazırda 7 milyon ədədə çatan sertifikatlı ting istehsalının genişləndirilməsi də əsas vəzifələrdəndir.

M.Məmmədov vurğulayıb ki, növbəti addım idxal olunan toxumların keyfiyyətinə nəzarəti beynəlxalq standartlara uyğunlaşdırmaqla mənşəyi məlum olmayan məhsulların ölkəyə girişini məhdudlaşdırmaq və yerli istehsalı gücləndirməkdən ibarətdir.