Azərbaycanda tikinti materialları bazarında bahalaşma dalğası - Artan qiymətlər

15:47 - 22.09.2026


22 sentyabr, Fineko/abc.az. 2026-cı ilin geridə qalan dövründə Azərbaycanın tikinti materialları bazarında mütəmadi olaraq qiymət artımları müşahid olunub və ilin sonuna az vaxt qalmış bu tendensiya xüsusilə nəzərəçarpan həddə çatıb.

Bazarda qiymətlərin yüksəlməsi ilk növbədə xammalın idxal xərclərinin artması, daşınma logistikasındakı çətinliklər və fərdi mənzil tikintisinə olan yüksək tələbatla izah edilir.

İlin ilk aylarından başlayaraq xüsusilə əsas tikinti materiallarının qiymətində kəskin artımlar qeydə alınıb. Armatur bazarında tonun qiyməti ilin əvvəlindəki 1 150 manat səviyyəsindən artaraq 1 320 manatadək yüksəlib ki, bu da birbaşa beton-konstruksiya işlərinin maya dəyərini artırıb.

Analoji olaraq, sementin bir kisəsinin (50 kq) qiyməti 7,50 manatdan 9,20 manata qalxıb, bu da bünövrə və suvaq işlərinə ciddi təsir göstərib.

Tikintinin digər vacib elementlərindən olan taxta və taxta məhsullarının bir kubmetrinin orta satış qiyməti 380 manatdan 450 manata kimi bahalaşıb. Hörgü işlərində kütləvi istifadə olunan mişar daşının (kubik) bir ədədinin qiyməti 0,45 manatdan 0,60 manata, kərpicin bir ədədi isə 0,35 manatdan 0,48 manata yüksəlib.

Əsasən Türkiyə və Rusiyadan gətirilən dam örtüklərinin (çerepitsa/profnastil) bir kvadratmetri 12 manatdan 15,50 manata kimi bahalaşaraq mövsümi işlərdə büdcə artımına səbəb olub.

Daxili təmir materiallarında da oxşar mənzərə yaranıb; gips əsaslı suvaq materiallarının (məsələn, "Ağdağ") bir kisəsi 6,80 manatdan 8,10 manata, fasad və daxili rənglərin 15 litrlik qabı isə 45 manatdan 58 manatadək qalxıb.

Ekspertlərin rəyinə görə, ilin sonunadək tələbatın yüksək qalması və idxal qiymətlərinin sabitləşməməsi fonunda tikinti materialları sektorundakı bu qiymət artımları ümumi daşınmaz əmlak və təmir bazarında xərclərin daha da yüksəlməsini şərtləndirir.

Müəllif: Elmir Muradov