Həzi Aslanov stansiyasının dalanında yenidənqurma işləri son mərhələdədir - Bəxtiyar Məmmədov

10:59 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Bakı Metropoliteninin Qırmızı xəttinə daxil olan “Həzi Aslanov” stansiyasının dalanında təxminən 280 metrlik alanda üç mərhələdə aparılan əsaslı təmir və yenidənqurma prosesində son mərhələyə başlanılıb.

Bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib və bildirib ki, əvvəlki mərhələlərdə təmir-bərpa, məhlulvurma-hamarlama işləri yerinə yetirilib, döşəmə, divar və tavan hissələri gücləndirilib, orta yolların arakəsmə divarları isə tam yenidən tikilib.

"Hazırda tavanın izolyasiyası, karbon lifli materialla möhkəmləndirilməsi, drenaj və kommunikasiya xətlərinin çəkilişi, eləcə də qatarların baxışı üçün körpücüyün inşası davam edir. Layihə çərçivəsində 1000 metrə yaxın dalan yolları müasir dəmir-beton özüllər, 6 yoldəyişdirici qurğu isə monolit bloklar üzərində qurulub. Eyni zamanda sahədə elektrik təchizatı, rabitə, işarəvermə, havalandırma və yanğın təhlükəsizliyi kimi infrastruktur sistemlərinin yenilənməsi icra olunur", - deyə B.Məmmədov bildirib.