DVX xətti ilə daxilolmalar 2027-ci ildə 18.4 milyard manata çatacaq

10:45 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2027-ci ildə Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47 faizini və ya 18 milyard 430 milyon manat (10.84 mlrd dollar) təşkil edəcəkdir.

Bu göstərici 2026-cı ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520 milyon manat və ya 9 faiz, 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 074.8 milyon manat və ya 12.7 faiz çoxdur.

DVX xətti ilə daxilolmaların 80.6 faizi və ya 14 milyard 850 milyon manatı (8.74 mlrd dollar) qeyri-neft-qaz sektorunun, 19.4 faizi və ya 3 milyard 580 milyon manatı (2.11 mlrd dollar) neft-qaz sektorunun payına düşür.