“ARAL QRUP” “Maksimus”un nəzarət paketini əldə etdi

10:59 - 16.09.2026


16 sentyabr, Fineko/abc.az. Azərbaycanda yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olan “Maksimus” MMC-nin təsisçi strukturunda ciddi dəyişiklik baş verib.

Şirkətin nizamnamə kapitalı 10 manatdan 100 manata çatdırılaraq nəzarət payı “ARAL QRUP” MMC-yə keçib.

Belə ki, “ARAL QRUP” 81,5% payla şirkətin əsas təsisçisinə çevrilib.

Əvvəllər kapitalın 100%-nə sahib olan Muxtar Gülməmmədovun payı 12,5%-ə ensə də, o, şirkətin direktoru kimi idarəetmədə fəaliyyətini davam etdirir.

Həmçinin Türkiyə vətəndaşları olan Ahmet Tanyıldız, İşlak Fatih və İşlak Sametin hər biri 2%-lik paya sahib olublar.

Qeyd edək ki, “Greenville Residence”, “Sumqayıt Bağça Şəhər” kimi layihələrin icraçısı olan “Aral Group” 1991-ci ildə Türkiyədə yaranıb və hazırda tərkibində 9 şirkəti birləşdirir.  (C) Banker