BP Şimal dənizindəki aktivlərini satışa çıxarır — sövdələşmə 2,7 mlrd dollara qiymətləndirilə bilər

14:41 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Böyük Britaniyanın "BP" energetika nəhəngi portfelin sadələşdirilməsi və kapitalın yüksək gəlirli imkanlara yönəldilməsi strategiyası çərçivəsində Şimal dənizindəki biznesinin satış prosesinə başladığını elan edib.

"Bloomberg"in qiymətləndirmələrinə görə, Şimal dənizi aktivlərinin tam satışı şirkətə təxminən 2 milyard sterlinq (2,7 milyard ABŞ dolları) qazandıra bilər.

Şirkətin icraçı direktoru  Meq O’Nill bildirib ki, Şimal dənizi aktivləri Britaniyanın energetika sisteminin ayrılmaz tərkib hissəsi olaraq qalır, lakin bu biznesin başqa bir şirkətin tərkibində inkişaf etməsi daha məqsədəuyğundur.

"BP" son bir il ərzində balansı möhkəmləndirmək, xərcləri optimallaşdırmaq və əsas hasilat, emal və ticarət sahələrinə diqqət yetirmək məqsədilə bir sıra aktivlərin satışı əməliyyatlarını həyata keçirib.