ABŞ Venesuela neftindən $13 mlrd əldə edib: xərclərin şəffaflığı sual altındadır

21:33 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Donald Tramp administrasiyası ilin əvvəlindən Venesuela neftinin satışından $13 mlrd-dan çox gəlir əldə edib, lakin vəsaitlərin böyük hissəsi qeyri-şəffaf qalır və bu, ABŞ qanunvericiləri arasında suallar doğurur. Bu barədə Financial Times yazır.

Yanvarda Nikolas Maduronun ələ keçirilməsindən sonra ABŞ faktiki olaraq Venesuela neftinin ixracına nəzarəti ələ alıb. Formal olaraq gəlirlər ölkənin mülkiyyəti olaraq qalır, Vaşinqton isə bu vəsaitləri idarə edir.

ABŞ prezidenti daha əvvəl ölkənin Venesuela neftindən əhəmiyyətli gəlir əldə etdiyini bildirmişdi. Apreldə Dövlət Departamenti təxminən $3 mlrd vəsaitin artıq Venesuelaya yönəldildiyini açıqlasa da, rəsmi izləmə resursunda yalnız mart ayında həyata keçirilmiş $300 mln-luq bir köçürmə barədə məlumat var.
ABŞ rəsmiləri Venesuela iqtisadiyyatına “milyardlarla dollar” yönəldildiyini desələr də, konkret məbləğlər və xərclərin istiqamətləri açıqlanmır.

İyunda baş vermiş dağıdıcı zəlzələlərdən sonra neft gəlirlərinin şəffaflığı məsələsi daha da актуallaşıb. BMT-nin qiymətləndirməsinə görə, ölkənin infrastrukturuna və binalarına dəyən ziyan təxminən $37 mlrd təşkil edib ki, bu da vəsaitlərin istifadəsinə nəzarətin vacibliyi ilə bağlı müzakirələri gücləndirib.