12:23 - 21.07.2026
21 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 208 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 31 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə iyunda isə Gürcüstan Azərbaycandan 26,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 56 % çoxdur.
Bu ilin ilk 6 ayı ərzində Gürcüstan xarici ölkələrdən 1 milyard 372 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 52 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 666,3 milyon ABŞ dolları, Türkiyədən 123 milyon ABŞ dolları, Rumıniyadan 106 milyon ABŞ dolları, Belarusdan 52 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.