"Bank Melli İran"ın Bakı filialı aktiv ehtiyatlarına ayırdığı vəsait azalıb

14:40 - 9.07.2026


9 iyul, Fineko/abc.az. "Bank Melli İran"ın Bakı filialı 2026-cı ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bank cari ilin ilk yarısını 2 milyon 324,3 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 900,3 min manat və ya 27,9% azdır. Hesabat dövründə filial mənfəət vergisi ödəməyib.

Mənfəətin azalmasına təsir edən əsas amillərdən biri faiz gəlirlərinin 5,4% azalaraq 2 milyon 681,1 min manata düşməsi olub. Eyni zamanda, bankın inzibati xərcləri illik müqayisədə 11,9% artaraq 953,1 min manat təşkil edib. Hesabat dövründə aktivlər üzrə ehtiyatlara ayrılan vəsait 41,4% azalaraq 661,1 min manata enib, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərclər isə 57,9 min manat olub.

Qeyd edək ki, filialın bu dövrdə hər hansı faiz xərci qeydə alınmayıb.