10:29 - 7.07.2026
7 iyul, Fineko/abc.az. “SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviasiya yanacağı sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
Saziş Türkiyənin aviasiya sektorunda enerji keçidinin və karbonsuzlaşdırma prosesinin dəstəklənməsinə yönəlib.
Sənəd Türkiyənin ekoloji aviasiya yanacağına olan tələbatının müəyyənləşdirilməsi, bu yanacaq üzrə dəyər zəncirinin inkişafı üçün texniki-iqtisadi araşdırmaların aparılması, biznesin inkişafı və maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi, həmçinin həm Türkiyədə, həm də digər bazarlarda dayanıqlı aviasiya yanacağı sahəsində əməkdaşlıq imkanlarının araşdırılması üzrə tərəflərin əməkdaşlığını nəzərdə tutur.
Tərəfdaşlar həmçinin ekoloji aviasiya yanacağının istehsalı və istifadəsinə hazırlıq səviyyəsini qiymətləndirəcək yüksək səviyyəli rəhbərlərin iştirak etdiyi birgə işçi qrupunun yaradılmasını planlaşdırırlar. Bu təşəbbüsün Türkiyədə dayanıqlı aviasiya ekosisteminin inkişafına və aviasiya sektorunun karbon emissiyalarının azaldılmasına töhfə verəcəyi gözlənilir.
Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiye” ekoloji aviasiya yanacağının istehsalı, tədarük zəncirlərinin inkişafı və texnoloji tərəfdaşlıqlar istiqamətində fəaliyyətini davam etdirir. Öz növbəsində, “Pegasus Airlines” bazar tələbatını qiymətləndirmək və ekoloji aviasiya yanacağının aviasiya yanacağı tədarük zəncirində səmərəli tətbiqinə dəstək vermək məqsədilə öz əməliyyat təcrübəsindən istifadə etməyi planlaşdırır.