Qırğızıstan sabit yanacaq təchizatını təmin etmək üçün MDB ölkələrinə müraciət edib

15:10 - 2.07.2026


2 iyul, Fineko/abc.az. Qırğızıstan “sabit yanacaq təchizatının qorunması məqsədilə” Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan, Özbəkistan və Türkmənistana rəsmi müraciət ünvanlayıb.

Qırğızıstanın Energetika Nazirliyi bildirib ki, yanacaq və sürtkü materiallarının (YSM) böyük hissəsi xaricdən alınır.

“Bu səbəbdən qlobal enerji bazarındakı dəyişikliklər, o cümlədən Yaxın Şərqdə geosiyasi gərginlik, beynəlxalq logistika riskləri və dünya neft qiymətlərinin artması ölkənin daxili bazarına, eləcə də bir çox digər ölkələrin bazarlarına təsir göstərir”, — nazirliyin məlumatında qeyd olunur.

Buna görə də hökumət və Energetika Nazirliyi müxtəlif tədbirlərlə enerji təhlükəsizliyini təmin etməyə və YSM bazarında müntəzəm təchizatı qurmağa çalışır. Məsələn, tərəfdaşlarla təchizatın diversifikasiyası və yanacaq tədarükçülərinin siyahısının genişləndirilməsi üzrə danışıqlar aparılır.

Qurum bildirir ki, YSM bazar vəziyyəti gündəlik monitorinq olunur və ölkədə kifayət qədər yanacaq ehtiyatı yaradılıb. Yanacaq alışı isə təsdiqlənmiş müqavilələr üzrə planlı şəkildə həyata keçirilir və təchizat prosesi daim nəzarətdə saxlanılır.