Dövlət satınalmaları dövlət maliyyəsində ən mühüm xərc istiqamətlərindən biridir - Palata sədri

15:07 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Müasir auditin məqsədi səhv axtarmaq deyil, dövlət idarəetməsini yaxşılaşdırmaqdır.

ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, dövlət satınalmaları dövlət maliyyəsində ən mühüm xərc istiqamətlərindən biridir və bu sahədə ayrılan vəsaitlərin ümumi daxili məhsulda, həmçinin dövlət büdcəsi xərclərində payı mühüm göstərici hesab olunur:

"Dövlət satınalmaları dövlətin iqtisadi inkişafına və fiskal dayanıqlığına birbaşa təsir göstərir. Bu isə dövlət auditi qarşısında yeni və daha məsuliyyətli çağırışlar yaradır. Müasir auditin əsas məqsədi artıq yalnız nöqsanları aşkar etmək deyil. Ali audit orqanlarının əsas vəzifəsi dövlət vəsaitlərinin necə dəyərə çevrildiyini qiymətləndirmək, onların iqtisadi inkişafa təsirini müəyyən etməkdir. Müasir dünyada audit səhv axtaran deyil, dövlət idarəetməsini yaxşılaşdıran institut kimi çıxış etməlidir".